Əsas məzmuna keç

Qoşma

Səbr eyləmə

Zəlimxan Yaqub

2

Düşün, qardaş, öyüd səni aldatmasın, Düzün tərsə yozulanda səbr eyləmə! Xəyanətə qurban gedən oğullar var, Səflərimiz pozulanda səbr eyləmə!

Bu taledi... kim piyada, kimlər atlı, Qana batdıq, gör bu daşı kimlər atdı. Düşmən vurdu, yoxsa ağlı kəmlər atdı, Barmağın da cızılanda səbr eyləmə!

Çəkməliyik, bizə dərdi zaman verib, Alan deyil, verdiyini yaman verib. Sənə güllə atanlara aman verib, Qan yaradan sızılanda səbr eyləmə!

Qara yellər üstümüzdən əsə bilər, Əyri əllər yolumuzu kəsə bilər. Babaların ruhu bizdən küsə bilər, Tarix saxta yazılanda səbr eyləmə!

Bir doğrunun ürəyindən gələn bir səs, Min yalanın hökmü ilə bata bilməz! Alçaqların qəbrini qaz, kökünü kəs, Sənə qəbir qazılanda səbr eyləmə!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.