Səadətim
Eşqim torpaq, andım Vətən, Vurulmuşam hüsnünə mən. Bir gülünü bir göy çəmən Sanmaq – mənim səadətim.
Çağlayaram bulaq kimi, Sevinərəm uşaq kimi. Bar altında budaq kimi Sınmaq – mənim səadətim.
Bir ürəkdə gülsə bahar, Orda elin nəfəsi var. Qışın töksə üstümə qar, Donmaq – mənim səadətim.
Gül olaram torpağına, Göz olaram ocağına. Nəğmə olub dodağına Qonmaq – mənim səadətim.
Alov saçıb aya, ilə, Əriyərəm gilə-gilə. Azərbaycan, sevgin ilə Yanmaq – mənim səadətim.