Səadət nəğməkarı
İlhamı dövrandan, odu günəşdən, Sürəti şimşəkdən alan şairim! Rübabında məhəbbətin, ülfətin, Elin havasını çalan şairim! İncilər axtaran, incilər tapan, Dərin dəryalara dalan şairim! Qəlbi ehtiraslı, təbi Arazlı, Əbədi dünyada qalan şairim! Yaratdın, aləmə səs saldı adın, Ucaldın şərəflə, şanla yaşadın!
Çoxları ad aldı, yazdı, yaratdı, Sənətin gözünün nuru sən oldun! Həyatı ləkəsiz, ürəyi təmiz, Eşqi bulaqlardan duru sən oldun! Muğamlar oxuyan gül dodaqların “Segah”ı, “Qatar”ı, “Şur”u sən oldun! Neçə sənətkarın coşdu ilhamı, Onların coşqunu, guru sən oldun! Cənnətə döndükcə Milin, Muğanın, Təlatümə gəldin, qaynadı qanın!
Nə dincini aldın, nə də yoruldun, Vaxta sığışmadın, röya bilmədin. Xəyalın yelkənli, fikrin qanadlı, Qələmi əlindən qoya bilmədin. “Ah, sən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan” doya bilmədin. Hər nə yazmısansa o həqiqətdi, Şeirində yalançı boya bilmədin. Axıtdın incitək alın tərini! Göstərdin bəşərə öz hünərini!
Təbi dərya kimi coşan sənətkar, Dünyaya sığmadı hünərin sənin. Yer oldun, göy oldun, Kainat oldun, Günəşdən rəng aldı səhərin sənin. Sənət meydanında cövlan eylədin, Bir an büdrəmədi kəhərin sənin. Ürəkdən ürəyə axdı, yaşadı “Sındırılan saz”ın, “Səhər”in sənin. Aldın vüqarını işdən, əməkdən, Doymadın dünyanı seyr eyləməkdən!
Bakımın, Gəncəmin canlı sənəti, Oxu, tar! Oxu, tar! Oxu, tar! – dedin. Səsindən ən lətif sözlər dinləyim, Səni kim bircə an unudar, – dedin. Çıxsın birdəfəlik söz meydanından, Qəlbi məhəbbətsiz, fikri dar, – dedin. Həyatda həm sevdin, həm də sevildin, Soyumaz atəşim, odum var, – dedin. Çaxdın şimşək kimi, axdın su kimi, Açıldın ellərin arzusu kimi.
Ölməzlik qazandın qüdrətinlə sən, Qəmlərin yükünü çiynindən atdın. Güc aldın həyatın yüksəlişindən, Saf əməl uğrunda qan-tərə batdın. Yarışa çağırdın qəhrəmanları, Səadət naminə dastan yaratdın. Yazdın azadlığın nəğmələrini, Səsini ellərin səsinə qatdın! Şairim! Bu günsən, xoş gələcəksən! Hələ yüksələcək, yüksələcəksən!
1968, 16-19 may