Əsas məzmuna keç

Qoşma

Səadət butaya

Zəlimxan Yaqub

1
Müasir Azərbaycan poeziyasında, qadın şairlər arasında şeirinin ahəngi, dərdinin rəngi ilə seçilən şairə bacımızdı Səadət Buta! Yurd ağrısıdı, torpaq nisgilidi, Başkeçid həsrətidi, könül yanğısıdı, göz yaşlarıdı Səadət Buta poeziyası! Ər yükü daşıyan anadı, himindən yıxılmış binadı, dəstədən üzülmüş durnadı, gölündən ayrılmış sonadı, barmağa həsrət qalmış xınadı, həsrətdən toxunmuş xalıdı, kədərdən qurulmuş xanadı Səadət Butanın şeirləri! Kövrək bayatıdı, həzin oxşamadı, şirin layladı, toyumuzda naxışdı, yasımızda ağıdı, dərddən danışa-danışa dərdimizi dağıdır Səadət Butanın şeirləri! Mən onu həmişə sevmişəm gözəl bir şairə, istəkli bacı kimi, adını başımdan uca tutmuşam şahların qızılı tacı kimi, mən onu həmişə duymuşam ruhumun təsəllisi, ağrımın əlacı kimi, Borçalının harayına bir alışıb, bir yanmışıq gur ocağın sacı kimi, o məni həmişə ziyarət bilib, mən onu bağrıma basmışam Məkkədən gəlmiş bir hacı kimi, ikimiz də ucalmışıq duyğuların zirvəsinə, uğurludu yollarımız haqq elçisi Peyğəmbərin müqəddəs meracı kimi! Şair Zəlimxan Yaqub şairə bacısı haqqında sözlə dediyini sazla deməsə, dili od tutub yanar. Aldı Zəlimxan Yaqub:

Gah yanar, gah sönər söz qovşağında, Oddadı, sudadı Səadət Buta. Qəm ilə qohumdu yaranışından, Dərd ilə qudadı Səadət Buta.

Ruhunu od kimi atıb şeirinə, Qovuşub ruhuna, çatıb şeirinə. Torpaqdan götürüb qatıb şeirinə, Bu tamı, bu dadı Səadət Buta.

Şeiri dan yeridi, yaz havasıdı, Gözəllik sərgisi, naz havasıdı. “Başkeçid” adında saz havasıdı, Daşıyır bu adı Səadət Buta.

Qıymadı mənliyi, vüqarı sına, Qeyrət qılıncını qoymadı qına. Atalıq eylədi dörd balasına, Anadı, atadı Səadət Buta.

Küskün bənövşədi, boynunu bükər, Şeirinə qul olub, dərdinə nökər. Dindirsən ağlayıb göz yaşı tökər, Dindirmə, xatadı Səadət Buta.

Eşqin güllərini yarımçıq dərib, Duruşu qəmgindi, baxışı qərib. Tanrı Borçalıya sovqat göndərib, Sevgidi, butadı Səadət Buta.

2001, 5 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.