Əsas məzmuna keç

Gəraylı

Sazbənd Murada

Zəlimxan Yaqub

1

Mənim vəfalı sazbəndim, Dərdimdən halı sazbəndim, Dil açsın xalı, sazbəndim, Saz düzəlt bu tutdan mənə.

Kim çalıb dindirib sazı, Kim kökə mindirib sazı, Kim göydən endirib sazı, Xəbər ver Qorquddan mənə.

Yanan nəfəs istəyirəm, Coşan həvəs istəyirəm, Şirin bir səs istəyirəm, Nə fayda sükutdan mənə.

O mənim könlümün varı, Elimin meyvəsi, barı. Saz istərəm, durnaları Endirsin buluddan mənə.

Tut ağacı tutum olsun, Taxtaları qutum olsun, Saz özü tabutum olsun, Pay umma tabutdan mənə.

Sazı şumla, ək, Muradım, Saza sığal çək, Muradım, Bu sazı, Kövrək Muradım, Baha sat yaqutdan mənə.

2002, 20 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.