Saza baxsın tariximi yazanlar
Boy boylamaq, söz söyləmək adətim, Qulaq asın, yasım-toyum danışsın. Neçə kökəm, neçə gövdə, neçə qol, Varaqlansın, əslim, soyum danışsın.
Yaraları köz-köz olub hoylanıb, Yenə qalxıb, əsillənib, soylanıb. Bir boyumdan neçə boylar boylanıb, Qopuz dinsin, Qorqud boyum danışsın.
Millətimi saz anladar, saz anlar, Saza baxsın tariximi yazanlar. Nə oxudu, nə söylədi ozanlar, Dağım-daşım, odum-suyum danışsın.
Tanımışam avandımı, tərsimi, Mizrab vurub dindirmişəm hər simi. Qırxlar piri necə verib dərsimi, İçim olsun oyum-oyum, danışsın.
Əngəlimiz o dərələr, o diklər, Taleyimiz Kərəm aşan gədiklər. Niyə belə gəlməz oldu igidlər? Qara sazım, qara neyim danışsın.
El ruhunda dil-dil ötən pərdə mən, Dərman oldum neçə acı dərdə mən, Nələr çəkdik göydə Allah, yerdə mən, Nur yağdıran yerim-göyüm danışsın.
2003, 20 may