Əsas məzmuna keç

Qoşma

Saxta sevgi

Zəlimxan Yaqub

1

Səndən çəkdiyimi çəkdim dünyada, Rədd ol saxta sevgi, saxta məhəbbət. Bir də o günləri salmaram yada, Rədd ol saxta sevgi, saxta məhəbbət.

Ayağı sürüşkən, yaxası cırıq, Quyusu badalaq, kəndiri qırıq. Yalançı təbəssüm, yersiz qışqırıq, Rədd ol saxta sevgi, saxta məhəbbət.

Qəlbində şübhə var, üzündə boya, Dilində yalan var, gözündə riya. Ayaqlar altına düşməsin həya, Rədd ol saxta sevgi, saxta məhəbbət.

Tanıdım rəngləri ağ nə, qara nə, Bildim bütöv nədir, gördüm para nə. Səndən yadlara nə, doğmalara nə, Rədd ol saxta sevgi, saxta məhəbbət.

Sənin övladındı bic doğulanlar, Sərsəri, yaramaz, gic doğulanlar. Var olsun sevgiyə tac doğulanlar, Rədd ol saxta sevgi, saxta məhəbbət.

2006, 8 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.