Saxla
Qocalıb gedirəm aran yerində, Yaylaq, məndən ötrü dağ yeri saxla. Çəkim sığalımı körpə güllərə, Bağbanlıq eşqinə bağ yeri saxla.
Sellərə yem olar sümüyüm, ətim, Vətənsiz qəribəm, torpaqsız yetim. Qoy sənin qoynunda bərkiyim, bitim, Kökündən üzülməz tağ yeri saxla.
Yeriyir üstümə dərd qucaq-qucaq, Solan bir yarpağam, sönən bir ocaq. Qəbrimi qazmağa bir parça torpaq, Kəfənim olmağa ağ yeri saxla.