“sarıtel” oxuyan qaratel gözəl
Sən Günəş nurusan, qar işığısan, Yerdə yer, göydə göy yaraşığısan. Sarıyla qaranın qarışığısan, “Sarıtel” oxuyan qaratel gözəl.
Məni ovlamaqçün çıxmısan ova, Yenə od vurursan çaxmağa, qova. Bir yandan sən yandır, bir yandan hava, “Sarıtel” oxuyan qaratel gözəl.
Qaşın nişan verdi, gözün himlədi, Ovsuna mən düşdüm, yaram simlədi. Məni saz bağladı, söz tilsimlədi, “Sarıtel” oxuyan qaratel gözəl.
Bu qəmli havadı, bu şən havadı, Mənim sümüyümə düşən havadı. Bu mənim bağrımı deşən havadı, “Sarıtel” oxuyan qaratel gözəl.
Yada yar düşəndə, dağa qar düşüb, Meydan istəyənin yeri dar düşüb. Ortaya nə yaman soyuqlar düşüb, “Sarıtel” oxuyan qaratel gözəl.
Kövrələn könlümü saldın bəndə sən, Aşıqsan, şairsən, ya xanəndəsən, Bilmirəm Tanrısan, yoxsa bəndəsən, “Sarıtel” oxuyan qaratel gözəl.
Xalların odunda yanan can olsun, Al məndən heyfini, qana qan olsun. Çal, oxu, qoy yanan Zəlimxan olsun, “Sarıtel” oxuyan qaratel gözəl.