Əsas məzmuna keç

Gəraylı

Sarıldığım sazdı mənim

Zəlimxan Yaqub

2

Əzizlərəm ana kimi, Sarıldığım sazdı mənim. Sığallaram sona kimi, Sarıldığım sazdı mənim.

O, çiçəkdi, arı mənəm, O, zirvədi, qarı mənəm, O, bağbandı, barı mənəm, Sarıldığım sazdı mənim.

Dillənmişəm dili kimi, Danışmışam teli kimi, Yüksəlmişəm zili kimi, Sarıldığım sazdı mənim.

Həqiqətim, doğrum odur, Məşəqqətim, ağrım odur, Köz-köz olan bağrım odur, Sarıldığım sazdı mənim.

Bir Qəribəm, qürbətimdi, Bir Məcnunam, həsrətimdi. Bir Kərəməm, hicrətimdi, Sarıldığım sazdı mənim.

Ağrıdı, ah vergisidi, Tanrının şah vergisidi. Ruhu Allah vergisidi, Sarıldığım sazdı mənim.

Odum orda, qorum orda, Gücüm orda, zorum orda. Qəbrim orda, gorum orda, Sarıldığım sazdı mənim.

Qorqud quran bir yuvadı, Yunusdan qalan havadı, Dərk etməyən binəvadı, Sarıldığım sazdı mənim.

Çiçəklər yazdan doğulub, Gözəllər nazdan doğulub, Zəlimxan sazdan doğulub, Sarıldığım sazdı mənim.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.