Əsas məzmuna keç

Heca şeiri

Sarıbaş kəndi

Zəlimxan Yaqub

1
Bu kənd haqqında çox eşitmişdim. Axır ki, bu yeri ziyarət eləmək mənə də nəsib oldu. Rəşid Behbudovun, İsmayıl Şıxlının, Məmməd Rahimin, Hüseyn Arifin yurdumuzun bu dilbər guşəsi ilə bağlı xatirələri, görüşləri, məclisləri yenidən kitab kimi varaqlandı. Bu kəndin görkəmi, təbii mənzərəsi qədim və məğlubedilməz qalaları xatırladır. Çox şirin və mehriban camaatı var. Qocalı-cavanlı hamısı poeziya vurğunudu. Hüseyn Arifə xüsusi heyranlıqları var. Bu gün bütün Sarıbaşlıları minnətdarlıq duyğuları ilə yad edirəm.

Güldü, gülüstandı, baldı, ətirdi, Bu gün ziyarətim olan SARIBAŞ. Məni də qoynuna çəkdi, gətirdi, Nur olub qəlbimə dolan SARIBAŞ.

Kitabdı tarixi öyrənən kəsə, Bura ulu kənddi, qədim şəhərdi. Hər kim ucalığa çıxmaq istəsə, Cığır üzəngidi, qaya yəhərdi.

Qayalar üstündə qayaya bənzər, Əllərdə danışıb kərpici, daşı. Yapılan evlərə yetirsən nəzər, Bir tarix görərsən hər addımbaşı.

Dərə qoynundakı dərinliyə bax, Çeşmə başındakı sərinliyə bax. Bu yerdə əbədi yurd salanların, Dilində dil açan şirinliyə bax!

Adına nə deyim mən bu cənnətin, Bir gözəllik yurdu, bir heyrət yeri. Görüşmək gözəldi, ayrılmaq çətin, Bura insanların ziyarət yeri.

Zirvəyə çevrilib bu dağ başında, Rəşid zirvələrdə oxuyub gedib. Ana təbiətin daş yaddaşında, Bir sənət xalısı toxuyub gedib.

Nəfəsi dil verib hər dilsiz daşa, Bura məndən əvvəl qağa gəlibdi. Məğrur dağ kəliylə verib baş-başa, Dağlar nəğməkarı dağa gəlibdi.

Rəngsiz, boyasızdı elin tərifi, Könlümü nə qədər şad elədilər. İsmayıl Şıxlını, Hüseyn Arifi, Sevgilər içində yad elədilər.

Bu sevgi ötərgi bir həvəs deyil, Gücünü torpaqdan alan sevgidi. İtən soraq deyil, batan səs deyil, Zamandan zamana qalan sevgidi.

Kimlərin adıyla kəsdi çörəyi, Kimlərin eşqiylə çatdısa ocaq – Onlara bağlıdı xalqın ürəyi, O adlar həmişə xatırlanacaq.

Mən də bu sevdanın yoluna düşdüm, Eşqim yarı canda, yarı başdadı. Çiçəklə öpüşdüm, güllə görüşdüm, Gördüm bir sevgim də SARIBAŞDADI!

Dağlara bağlıdı şairin canı, Gülü ətəkdədi, qarı başdadı. Bağrıma basıram Azərbaycanı, Mənim bir sevgim də SARIBAŞDADI!

«Qağa» — Hüseyn Arifə işarədir.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.