Əsas məzmuna keç

Qoşma

Sarı köynək

Aşıq Ələsgər

1

Cilvələnib nə qarşımda durubsan, Anam sənə qurban, ay sarı köynək! Mələksən, çıxıbsan cənnət bağından, Heç kim olmaz sənə tay, sarı köynək!

Doymaq olmur işvəsindən, nazından, Fərə kəklik kimi xoş avazından, Yel vurdu, ürbəndi atdı üzündən, Elə bildim doğdu Ay, sarı köynək!

Gözəlsən, tərifin düşüb mahala, Zər kəmər yaraşır qaməti-dala, Ləb qönçə, diş inci, yanağın lala, Çəkilib qaşların yay, sarı köynək!

Gərdənə yaraşır qızıl hamayıl, Görənin ağlını eyləyir zayıl, Həsrətin çəkənlər olubdu sayıl, Yığır qapılardan pay, sarı köynək!

Tuti dilli, sərv boylu Salatın! Yoxdu mərhəməti bu səltənətin. Göndər gəlsin Ələsgərin xələtin, Eyləmə əməyin zay, sarı köynək!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.