Sandal gəmiyə döndü
Eşidəndə gözlərimdə sevinc yaşı gilələndi, Bu şad xəbər dodaqlarda müjdə kimi gəzər, Müşfiq! Arzuların yelkən kimi tufanlara gərər sinə, Dənizlərdən dənizlərə hey üzdükcə üzər, Müşfiq!
Azdırammaz bu səfərdə çiskin səni, duman səni, Gülə-gülə sahilə gəl, qarşılasın liman səni. Şeriyyətin odürəkli oğlu saydı zaman səni, Qoy qızınaq atəşinə, alış, alış, közər, Müşfiq!
Ömrün-günün yollarında yoxuş olur, eniş olur, Vaxt gələndə nahaq susur, haqqa doğru dönüş olur. Dəniz qoynu, el ürəyi, haqq meydanı geniş olur, Bu genişlik səninkidir, tərlan eşqin süzər, Müşfiq!
Ürəyində ana yurdun ən müqəddəs diləkləri, Ətir payla, təravətin məst eyləsin çiçəkləri. Öz səsinlə, avazınla oxu yenə “Küləklər”i, Şeirsiz, nəğməsiz, sözsüz qəlbim çətin dözər, Müşfiq!
Dünyada ad, həyatda dost, döyüşdə ər xatırlanır, Əməli saf, fikri təzə, nəğməsi tər xatırlanır. Öz xalqına qızıl kimi söz deyənlər xatırlanır, Sözdən uca, sözdən baha nə qızılmış, nə zər, Müşfiq!
Bulud axar, şimşək çaxar, yağış yağar, şeirə dönər, Dan sökülər, nur süzülər, günəş doğar, şeirə dönər. Sonsuzluğun özü belə qəlbə sığar, şeirə dönər, Ruhun, eşqin nəğmələrdə dünyamızı bəzər, Müşfiq!
Qara saçlı gənc olasan, sinən dolu sərvət ola, İliyində, damarında ilahi bir qüdrət ola, İnanmıram bu səadət hər şairə qismət ola, Layla çaldı göy dalğalar, anan oldu Xəzər, Müşfiq!