Əsas məzmuna keç

Qoşma

Salavat çevir

Zəlimxan Yaqub

1

Salamat qurtardın bu çaxnaşmadan, Ağrına, ahına salavat çevir. Nə yaxşı axşamın qara gəlmədi, Gələn sabahına salavat çevir.

Bir anlıq donsa da damarında qan, Keçdin ən sınaqlı bir imtahandan. Uçmadı bədəndən, çıxmadı candan, Xilaskar ruhuna salavat çevir.

Soldun – xəzəl oldun, açdın – gül oldun, Ağrılar əlində yandın, kül odun. Ölmədin, az qala, ölümcül oldun, Tövbə, günahına salavat çevir.

Ölüm yaman dikib gözünü sənə, Arabir çatdırır sözünü sənə. Elə ki, çevirdi üzünü sənə, Tanrı dərgahına salavat çevir.

Əcəllə cəng edib getmə dərinə, Özü cavabdehdi xeyir-şərinə. Yerdə imamına, peyğəmbərinə, Göydə Allahına salavat çevir.

2004, 20 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.