Əsas məzmuna keç

Heca şeiri

Salamlar olsun

Zəlimxan Yaqub

2

Məni bu imtahandan sağ-salamat çıxardan Əllərin sayasına məndən salamlar olsun. Göyə açılan əllər boşuna açılmadı, Dillərin duasına məndən salamlar olsun.

Başına dolandığım cığırların, izlərin, Çiçəyini dərdiyim dərələrin, düzlərin, Yollarıma boylanıb mənə baxan gözlərin, Nuruna, ziyasına məndən salamlar olsun.

Bir əldə istisi var yüz baxışın, yüz əlin, Vurğunuyam əzəldən köz baxışın, köz əlin. Toyuna çatmadığım mənsiz köçən gözəlin, Abrına, həyasına məndən salamlar olsun.

Məhəbbətin gücüdür yeri göyə bağlayan, Ancaq Allah eşqidi könüllərdə çağlayan. Məni yuxuda görüb, ayılanda ağlayan, Qızların röyasına məndən salamlar olsun.

Süfrələrin başında adıma yanan şamın, Sağlığıma içilən dolu badənin, camın. Məndən deyən aşığın, məni çəkən rəssamın, Rənginə, boyasına məndən salamlar olsun.

Boylandım arxasınca uçub gedən quşların, Heyranıyam heyranı, yaz çiçəyin, qış qarın. Şahdağının, Kəpəzin, Savalanın, Qoşqarın, Daşına, qayasına məndən salamlar olsun.

Həsrət dizə çökdürər olsan da məğrur, mətin, O anamdı, anadan uzağa düşmək çətin. Azərbaycan adlanan ulu bir məmləkətin, Tükənməz mayasına məndən salamlar olsun.

Almaniya, München ürək xəstəxanası, 2008, 12 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.