Salamatdı
Pasibanı oldum dost irahının, Soruşdum, öyrəndim, yar salamatdı. Belə məlum olur şahlar şahının, Mənə mərhəməti var, salamatdı.
Çox obadan, ağır eldən keçibdi, Pələng, əjdahalı koldan keçibdi, Coşqun dərya, daşqın seldən keçibdi, Öldürməyib boran-qar, salamatdı.
Çox əziyyət verib yağmur, bərfü bad, Xətrinə dəyməyib nə düşmən, nə yad, Gözün aydın olsun, könlün olsun şad, Çəkməginən intizar, salamatdı.
Təb dəyişib, haldan-hala dönübdü, Cilvələnib, bir marala dönübdü, Ləblərinin şəhdi bala dönübdü, Qoynundakı bir cüt nar salamatdı.
Ələsgərəm, baxtı qara çək məni, Qul adına sat, bazara çək məni, Gülləynən öldürmə, dara çək məni, Dil deyir: güllədən dar salamatdı.