Salam yetir
Gedirsən, ay eloğlu, dinlə məni ürəkdən, Orda mənsiz ömr edən illərə salam yetir. Qarayazı, Başkeçid, Sınıq körpü arası, Öp suların gözündən, güllərə salam yetir.
Gedişinlə torpağın hər daşını ləl elə, Düzlərinə baş endir, dağlarına əl elə. Dost sözünə könül ver, əhdinə əməl elə, Şəlaləni qucaqla, sellərə salam yetir.
Nəğməsinə oyanıb, laylasına yatdığım, Çəmənində, çölündə şehə, suya batdığım, Qucağında hər gecə ocağımı çatdığım, Təbiətə salam de, çöllərə salam yetir.
Neçə nəğməkarım var, mənim nə dərdim daha, Sazı elin şöhrəti, sözü gövhərdən baha. Salam apar Hüseynə, Kamandara, Əmraha, Ürəyimə calanmış tellərə salam yetir.
El məclisi görməsə, şair könlü saz olmaz, Gözündə həyat eşqi, ürəyində yaz olmaz. Borçalıda oğlunu soruşanlar az olmaz, Şeirimi əzbər deyən dillərə salam yetir.
Tapşırığım, söhbətim qoy çıxmasın yadından, Üzünü tut torpağa Zəlimxanın adından. Gözümün işığından, ürəyimin odundan, Bərəkətim, qüdrətim ellərə salam yetir!