Salam, yeni əsrin ilk yağan qarı
Salam, yeni əsrin ilk gələn qışı, Salam, yeni əsrin ilk yağan qarı. Bu qədər təmizlik tale naxışı, Qoru ruhumuzda bu ağlıqları.
Qarın paklığını geysin əyninə, Üstünə qaradan kölgə düşməsin. İnsan ürəyinə, insan beyninə, Çirkab bulaşmasın, ləkə düşməsin.
Ana təbiətin gözləri gülür, Baxdıqca baxıram bu yağan qara. Göydən qar qarışıq sevinc tökülür, Bizi də çıxarır aydınlıqlara.
Ağardır üzünü aranın, dağın, Bərəkət yağdırır sakit yağan qar. Qışda ciyərinə hopar torpağın, Yazda təbiəti havalandırar.
Qardı qış fəslinin bəhrəsi, barı, Yağdın ürəyimcə, yağdın, nə yağdın. Yeni əsrimizin ilk yağan qarı, Əlli bir yaşımın üstünə yağdın.
Bu yeni minillik, bu yeni axşam, Bu gün də, bu qış da, bu qar da haqdı. Yaxşı, pis – ömrümü necə yaşasam, Sənin ayağına yazılacaqdı. Oyna damar kimi, ləpələn, ey qar, Qəlbimi, ruhumu ağappaq eylə. Dirilik suyutək səpələn, ey qar, Qoru saflığımı, şairliyimi. Mən ölüb getsəm də, mənsiz dünyada, Şeiri təmiz saxla, sözü sağ eylə.
2001, 15 yanvar Altıağac