Əsas məzmuna keç

Heca şeiri

Salam, yaşıl ağac!

Zəlimxan Yaqub

1

Sulusan, hələ ki, su var canında, Salam, yaşıl ağac, yaşılım ağac! Elə istəyirəm bitim yanında, Burdaca mən sənə qoşulum, ağac!

Qollarım çevrilsin budaqlarına, Əllərim çevrilsin yarpaqlarına. Səni ürəyimcə basıb bağrıma, Çəməntək döşənim ayaqlarına. Bulud çaxnaşanda, şimşək çaxanda, Çevrilim gücünə, dayaqlarına, Salam, yaşıl ağac, yaşılım ağac!

Bir qız oxuyardı səni görəndə, Çiçək qoxuyardı səni görəndə. Nəğmədən, avazdan, səsdən, layladan, Xalı toxuyardı səni görəndə. Yaşıl xatirəli dünyası vardı, Salam, yaş budağım, yaş əlim, ağac, Salam, yaşıl ağac, yaşılım ağac!

Tək ağac deyilsən sən mənim üçün, Sevgisən, sevincsən, ağrısan, qəmsən. Qəlbimdə ocağım, gözümdə odum, Tarixə çevrilmiş bir xatirəmsən.

Beş gözüm olsaydı, sənə baxardı, Səndən yapışardı beş əlim, ağac. Mən köçüb getsəm də bir gün dünyadan, Sən var ol dünyada, YAŞILIM AĞAC!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.