Salam, Sarvan dağları
Torpaq adı, daş adı, ocaq adı, yurd adı, Haqqın nuru, işığı həmişəlik burdadı. Dağa çıxıb Zəlimxan, Musa kimi Turdadı, İlahi bir eşq ilə baxır sizlərə sarı, Salam, Sarvan dağları.
Əlli yaşımda çıxdın ürcahıma, uğruma, Yüz ilin həsrətitək basdım səni bağrıma. Şır-şır axan suların məlhəm oldu ağrıma, Göy yaylaqlar başında sən çiçəksən, mən arı, Salam, Sarvan dağları.
Yaddaşında ellərin neçə qəmli dastanı, Əbədi sükutdadı Sarvanın qəbiristanı, Torpaq burda şehlə yox, göz yaşıyla istanı. Möhürlənib daşlara yurdun ötən çağları, Salam, Sarvan dağları.
Aşırımlar, bələnlər ömrün-günün sınağı, Xınayaxdı yeridi qayaların yanağı, Qızlar təpəsindədi gözəllərin yığnağı. Pərvazlanır bəy-gəlin, sığallanır qız, qarı, Salam, Sarvan dağları.
Borçalı mahalının sərvətisən, zərisən, Neçə-neçə dostumun dilinin əzbərisən, Ovsunlu bir gözəllik, sehrli bir pərisən. Ruhumun yaraşığı, eşqimin şirin barı, Salam, Sarvan dağları.
Min illərlə kişnəyib babamın atı burda, At üstündə keçirib, ömrü, həyatı burda, Nağıl, dastan, oxşama, qoşma, bayatı burda. Yenə də arzuların yamyaşıldı tağları, Salam, Sarvan dağları.
İrvahımlı, Qavıllı, Gərəkməzli, Bədəlli, Xaccaoğlu, Dəlallar, Talıblı, xalqa bəlli, Hay Vəlinin bulağı könlümüzə təsəlli. Bu adları qorumaq elin qeyrəti, arı, Salam, Sarvan dağları.
Məmmədxanlı, Çıldırrı, Gərəkməzli, Kələlər, Şair qədəmlərinə çiçək səpər, gül ələr, Bu yerlər başımızdan qızıl tökər, ləl ələr. Aşıb-daşar sel kimi elin dövləti-varı, Salam, Sarvan dağları.
Qazı yurdu, Qarğalar, Güləmmədli, Qaralar, Məhəmmədlər, Koxalar qəlbi qəmdən aralar, Yurdun havası dəysə, tez sağalar yaralar. Məlhəmimi özün qoy, yaramı özün sarı, Salam, Sarvan dağları.
Niyə saydım dalbadal bir bu qədər adları, Yazdım ki, gen açılsın yaddaşın qanadları. Yurda sahib oğullar yəhərləsin atları, Yaxına buraxmasın yağıları, yadları. Millətim qucaqlasın karvan-karvan dağları, Salam, arxam-dayağım, Görüşümüz mübarək, Salam, Sarvan dağları.