Əsas məzmuna keç

Sərbəst şeir

Salam olsun

Zəlimxan Yaqub

1

Salam olsun ildırımlı buludlara, İldırıma qucaq açan palıdlara! Salam olsun Sinəsini sellər döyən qayaların sərtliyinə, Salam olsun Dar ayaqda sarsılmayan kişilərin mərdliyinə! Salam olsun tufanları barmağında oynadana, Zəlzələni, qasırğanı öz içində qaynadana! Salam olsun qılınclara, qalxanlara, Salam olsun yıxılanda kişi kimi öz yerindən qalxanlara! Salam olsun tüstüsünü, dumanını öz əyninə paltar kimi geyənlərə! Salam olsun öz dərdini çörək kimi yeyənlərə! Salam olsun məğrurlara, mətinlərə, Salam olsun bizi daşdan-daşa salan müşküllərə, çətinlərə! Salam olsun qaya üstə bitib mamır olanlara. İradəsi polad, dəmir olanlara! Salam olsun Öləndə də inamını öldürməyən, Gecələr nə etdiyini gündüzlərə bildirməyən, Allahıyla söhbətləşib, dərdləşənə, Cəmiyyətin sərt üzünü Görə-görə sərtləşənə! Salam olsun külü göyə sovrulana, Öz içində yana-yana, Öz yağında qovrulana! Salam olsun Barmağına duz basılan, Sinəsinə köz basılan Məlikməmməd dünyasına. “Ənəlhəqq”i bayraq edən ulu sənət dünyasına! Salam olsun Öz içində hönkür-hönkür ağlasa da, Düşmən üstə qəh-qəh çəkib gülənlərə! Salam olsun Haqq uğrunda ölənlərə!

Salam olsun Salamların mənasını dərk eyləyib, Təslimçilik duyğusunu Birdəfəlik tərk eyləyib, Mən verdiyim salamları Səxavətlə alanlara! Salam olsun Allahıyla təkbaşına qalanlara! Haqqa səcdə qılanlara!!!

2006, 20 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.