Salam, İstanbul!
Salam, İstanbulum, işığım, nurum, Hüsnünə könlümü verdiyim şəhər. Dolmabağçasına, Çamlıcasına, Nəğmələr çələngi hördüyüm şəhər.
Dərələr içində, təpələr üstə, Dənizlər qoynunda, ləpələr üstə, Naxışlar, xalılar, gəbələr üstə, Ruhumu çəməntək sərdiyim şəhər.
Yerin ləngəriymiş, göyün səsiymiş, Bir görüş insanın min il bəsiymiş. Dünyanın ən qədim əfsanəsiymiş, Tez-tez yuxularda gördüyüm şəhər.
Gəzirəm könlümə nur yağa-yağa, Hər baxış qəlbimi döndərir dağa. Gülxanə parkıymış başdan-ayağa, Zərif güllərini dərdiyim şəhər.
İstanbul, 1994, yanvar