Sağlıq
Ömrün şöhrətidi, ağlın zinəti, Şirin arzuların başıdı sağlıq. Bütün ağrıların, bütün dərdlərin Başının ən ağır daşıdı sağlıq.
Həyatın ən şirin meyvəsi, barı, Qəlbin ən istəkli həmdəmi, yarı. Qızıl bir üzüksə dünyanın varı, Onun ən qiymətli qaşıdır sağlıq.
Çağla Araz kimi, çağla Kür kimi, Günün qaralmasın qoy kömür kimi. Ömrü yaşamasan bir ömür kimi, Gözlərin nisgili, yaşıdı sağlıq.
1977, 13 iyul