Əsas məzmuna keç

Qoşma

Saflıq – gözəllik

Zəlimxan Yaqub

1

Nə bayquş var, nə bayquşun nəfəsi, Nə zindan var, nə zindanın qəfəsi. Cənnətim var, min cənnətin əvəzi, Dumduruyam, dumduruyam, dumduru.

Nə şeytan var, nə şeytanın səsi var, Nə xəcalət, nə də onun təri var. Qəlbimdə bir ilham adlı pəri var, Dumduruyam, dumduruyam, dumduru.

Gül də mənəm, gül şəhdini əmən də, Şeh də mənəm, şeh nurunda çiməndə. Çiçək də mən, çeşmə də mən, çəmən də, Dumduruyam, dumduruyam, dumduru.

Dağ da mənəm, zirvə də mən, ətək də, Bal da mənəm, arı da mən, pətək də. Ney də mənəm, saz da mənəm, tütək də, Dumduruyam, dumduruyam, dumduru.

Ölüm gözəl, ömür gözəl, gün gözəl, İnsaf gözəl, iman gözəl, din gözəl. Dünya gözəl, həyat gözəl, mən gözəl, Dumduruyam, dumduruyam, dumduru.

2006, 11 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.