Əsas məzmuna keç

Qəsidə

Saçma, ey göz, əşkdən könlümdəki odlarə su

Məhəmməd Füzuli

1

Saçma, ey göz, əşkdən könlümdəki odlarə su Kim, bu dəklü tutuşan odlara qılmaz çarə su.

Abgundur günbədi-dəvvar rəngi, bilməzəm, Ya mühit olmuş gözümdən günbədi-dəvvarə su.

Zövqi-tiğindən əcəb yox, olsa könlüm çak-çak Kim, mürur ilə buraxır rəxnələr divarə su.

Vəhmlən söylər dili-məcruh peykanın sozün, Ehtiyat ilən içər hər kimdə olsa yarə, su.

Suya versin bağiban gülzarı, zəhmət çəkməsin, Bir gül açılmaz üzüntək, versə min gülzarə su.

Oxşada bilməz qübarini mühərrir xəttinə, Xamətək baxmaqdan ensə gözlərinə qarə su.

Arizin yadilə nəmnak olsa müjganım, nola, Zaye’ olmaz gül təmənnasilə vermək xarə su.

Qəm günü etmə dili-bimardən tiğin diriğ, Xeyrdir vermək qaranqu gecədə bimarə su.

Mən ləbin müştaqiyəm, zöhhad Kövsər talibi, Netəkim məstə mey içmək xoş gəlir, hüşyarə su.

Istə peykanın, könül, hicrində şövqüm sakin et, Susuzam, bir gəz bu səhradə mənimçün arə su.

Rövzeyi-kuyinə hər dəm durmayıb eylər güzar, Aşiq olmuş qaliba, ol sərvi-xoşrəftarə su.

Su yolun ol kuydən topraq olub dutsam gərək, Çün rəqibimdir, dəxi ol kuyə qoyman varə su.

Dəstbusi arizusundan gər ölsəm, dustlər, Kuzə eylin toprağım, sunun onunla yarə su.

Sərv sərkəşlik qılır qümri niyazından, məgər, Damənin duta, əyağinə düşə, yalvarə su.

Içmək istər bülbülün qanın, məgər bir rəng ilə, Gül budağının mizacına girə, qurtarə su.

Tinəti-pakini rövşən qılmış əhli-aləmə, Iqtida qılmış təriqi-Əhmədi-Muxtarə su.

Seyyidi-növ’i-bəşər, dəryayi-dürri-istəfa Kim, səpibdir mö’cüzati atəşi-əşrarə su.

Qılmaq üçün tazə gülzari-nübüvvət rövnəqin, Mö’cüzündən eyləmiş izhar səngi-xarə su.

Mö’cüzi bir bəhri-bipayan imiş aləmdə kim, Yetmiş ondan min-min atəşxaneyi-küffarə su.

Heyrət ilən barmağın dişlər, kim etsə istima’, Barmağından verdiyin şiddət günü ənsarə su.

Dusti gər zəhri-mar içsə olar abi-həyat, Xəsmi su içsə dönər, əlbəttə, zəhri-marə su.

Eyləmiş hər qətrədən min bəhri-rəhmət mövcxiz, Əl sunub urğac vüzu üçün güli-rüxsarə su.

Xaki-payinə yetəm der, ömrlərdir müttəsil, Başını daşdan-daşa urub gəzər avarə su.

Zərrə-zərrə xaki-dərgahinə istər sala nur, Dönməz ol dərgahdən, gər olsa parə-parə su.

Zikri-nə’tin dərdinə dərman bilir əhli-xəta, Eylə kim, dəf’i-xumar içün içər meyxarə su.

Ya həbibullah! Ya xeyrül-bəşər! Müştaqinəm, Eylə kim, ləbtəşnələr yanıb dilər həmvarə su.

Sənsən ol bəhri-kəramət kim, şəbi-me’racdə, Şəbnəmi-feyzin yetirmiş sabitü səyyarə su.

Çeşmeyi-xurşiddən hər dəm zülali-feyz enər, Hacət olsa, mərqədin təcrid edər me’marə su.

Bimi-duzəx nari-qəm salmış dili-suzanimə, Var ümidim əbri-ehsanın səpə ol narə su.

Yümni-nə’tindan gühər olmuş Füzuli sözləri, Əbri-nisandan dönəntək lö’löi-şəhvarə su.

Xabi-qəflətdə olan bidar olanda ruzi-həşr, Əşki-həsrətdən dolanda dideyi-bidarə su,

Umduğum oldur ki, məhrum olmayam didardən, Çeşməyi-vəslin verə bu təşneyi-didarə su.

* * *

Lüğət: Günbədi – dəvvar – hərlənən günbəz, səma; Dəvvar – dövr edən, hərəkət edən; Rəxnə – yarıq, zərər, zədə; Dili – tirə – qaranlıq könül, tutqun könül; Məcruh – yaralı; Peykan – oxun ucundakı dəmir; Qübar – toz, kədər; Ariz – yanaq; Ləbi – meygun – qırmızı dodaq; Zöhhad – zahidlər; Talib – tələb edən; rəğbət göstərən, istəyən; Gəz – dəfə, arşın; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Dəstbus – əl öpmək; Damən – ətək; Qanı – hanı; Rövşən – işıqlı, aydın; Əhli – raz – sirr əhli, sirdaş; Təriqi – hüda – hidayət yolu, doğru yol; Dəryayi – təhəyyür – heyrət dənizi; Atəşi – bim – qorxu odu; Nübüvvət – peyğəmbərlik; Səngi – cəfa – cəfa daşı; Bəhri – bipayan – ucsuz-bucaqsız dəniz; Mar – ilan; Abi – rəvan – axar su, çay; Xəsm – düşmən; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; Vüzu – dəstəmaz Y; Güli – rə’na – qırmızı rəna çiçəyi; Xaki – tirə – qara torpaq; Şəbi – tarix – qaranlıq gecə; Çeşmeyi – həyat – dirilik bulağı, həyat bulağı, abi-həyat; Zülal – saf, duru; Mərqəd – qəbir; Bimi – duzəx nari-qəm salmış dilisuzanimə – cəhənnəm qorxusu yanar könlümə qəm odu salmışdır; Əbri – neysan – neysan buludu; Bidar – zülm, təcavüz; Ruzi – həşr – məhşər günü; Didar – üz, camal, görüş

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.