Əsas məzmuna keç

Qoşma

Sabir Rüstəmxanlıya

Zəlimxan Yaqub

1

Bir gün məni dağ oynatdı yerindən, Bir gün məni dağ laləsi çağırdı. Rüstəmxanlı bir qıy çəkdi zirvədə, Yardımlının şəlaləsi çağırdı.

Dağ dilində nə söz varsa, dağ dedi, Məni gördü, öz baxtına ağ dedi. Bulud, şimşək kükrə dedi, yağ dedi, Suyun eşqi, selin eşqi çağırdı.

Gözüm gördü, könlüm sevdi bu yurdu, İşıq yurdu, Günəş yurdu, su yurdu. Qoca dağlar oğlu kimi buyurdu, Çiçək ətri, gül haləsi çağırdı.

Bu xırmanda ovum-ovum ovuldum, Dədələrin çaxmağına qov oldum, Şah babamın ovlağında ov oldum, Xətainin əfsanəsi çağırdı.

Kök ocaqdı, kök tarixdi, kök izdi, Bələdçimiz tək cığırdı, tək izdi. Borçalının dağlarıyla əkizdi, Həm Kərəmi, həm Lələsi çağırdı.

Hər sal qaya min yaşında bir qoca, Dərə eniş, zirvə yoxuş, dağ uca. Zəlimxanı uzaq yollar boyunca, Duyğuların zəlzələsi çağırdı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.