Sabahın dilində danış
Dilsiz bu dünyanın heç nəyi yoxdu, Ümid ol, sabahın dilində danış. Xəstəni görəndə xilaskara dön, Mahir bir cərrahın dilində danış.
Yel olub, sel olub əsəndə düşmən, Nə məndə güc qoyar, nə səndə düşmən. Başının üstünü kəsəndə düşmən, Səngərin, silahın dilində danış.
Suyun öz dili var, üzmək istəsən, Dərdin öz dili var, dözmək istəsən. Çölləri, düzləri gəzmək istəsən, Ovçunun, səyyahın dilində danış.
Düşüncə insanın sərvəti, zəri, Şöhrət əl qabarı, ad alın təri. Alimsən, kitabın içində əri, Şairsən, Allahın dilində danış.
2005, 23 iyul