Əsas məzmuna keç

Gəraylı

Ruhum

Zəlimxan Yaqub

1

Nə vaxt sakit olacaqsan, Narahat, nigaran, ruhum? Bir bucağa çəkilməklə, Yoxmu sənin aran, ruhum?

Tərs durub yana çəkdilər, Hər gün meydana çəkdilər. Qansızlar qana çəkdilər, Sağalmazmı yaran, ruhum?

Sən zirvədə görünən qar, Sən budaqda yetişən bar. Bir yerdə tutmadın qərar, Gah dağsan, gah aran, ruhum.

Ulduza yaraşıq olub, Günəşə sarmaşıq olub, Dan yerinə işıq olub, Qaranlığı yaran ruhum.

Keçilməz hədləri keçib, Qorxulu sədləri keçib, Bütün sərhədləri keçib, Varılmaza varan ruhum.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.