Ruhnamə
Gəl, səni bağrıma basım, Təravət ol, ruhum mənim. Bütün sərvətlərin başı, Bir sərvət ol, ruhum mənim.
Çətin anda bərki, sərtləş, Körpəsənsə yetiş, mərdləş. Harda dərdli varsa, dərdləş, Həmsöhbət ol, ruhum mənim.
Dost gələndə meh kimi əs, Düşmən gəldi, qılınc ol, kəs. Canda tükənməz bir həvəs, Cəsarət ol, ruhum mənim.
İblislərin burnunu ov, Şeytanları ürəkdən qov. Başda tufan, qanda alov, Hərarət ol, ruhum mənim.
Hərə bir fürsətdə, çəmdə, Kimi dəmdə, kimi qəmdə. Pisi yandır cəhənnəmdə, Bir cənnət ol, ruhum mənim.
Sən də alış, yanan görsən, Hayqır, haqqı danan görsən. Bir ruhu çığnanan görsən, Şikayət ol, ruhum mənim.
Əldən alsalar nurunu, Tapdasalar qürurunu, Çal İsrafilin surunu, Qiyamət ol, ruhum mənim.
“Vücudnamə” vücuddadı, Öldün, qəlbin sükutdadı. Ruhun başı buluddadı, Uç, heyrət ol, ruhum mənim.
Aşiqlərdi sevib-seçən, Məcnunlardı candan keçən. Sevgililər alıb içən, Bir şərbət ol, ruhum mənim.
Qəlbimin odu sevgidi, Ağzımın dadı sevgidi. Allahın adı sevgidi, Məhəbbət ol, ruhum mənim.
Yeri çağır, göyü səslə, Sabahlara inam bəslə. Bu nəsildən gələn nəslə, Əmanət ol, ruhum mənim.
2002, 16 yanvar