Ramizin övladı
Ürək yüz pay olur, könül min para, Sıxanda bağrına o tarı, Ustad! Yenidən qaldırdın ucalıqlara, “Şüştər”i, “Segah”ı, “Qatar”ı, Ustad!
Güllər dəstə-dəstə dərildi o gün, Səslər selə döndü, alqışlar çaya. Qurban da, Əhsən də dirildi o gün, Sadıqcan yenidən gəldi dünyaya.
Bethoven zirvəsi, Bax ucalığı, Üzeyir eşqiylə yan-yanaşıydı. Belə qoruyarlar, bax, ucalığı, Heyrət – gözlərimin axan yaşıydı.
Barmaq quş lələyi, quş qanadıydı, Çırpına-çırpına qəlb əsdirirdi. Bu vergi Tanrının istedadıydı, Bizi yaşamağa tələsdirirdi.
Bir günlə, gecəylə, sabahla deyil, Hey axşam oxuyar, hey dan oxuyar. Dünyanı sevənlər silahla deyil, İnsana bu tarla meydan oxuyar. Mum olur qara daş, yumşalır qaya, Sərtlik zəriflikdən bac ala bilmir. Gücünü göstərir sənət dünyaya, Ölüm ölməzliklə bacara bilmir.
Ürəkdi, ağıldı, ruhdu, nəfəsdi, Yox, sənin çaldığın təkcə tar deyil. Tarı danışdıran haqq adlı səsdi, Təkcə Ramiz adlı sənətkar deyil.
Bir də dərk eylədim, səni yandıran Qarabağ dərdiymiş, Ağdam ahıymış. Bəxti qan, bağrı qan, yuxuları qan, Şuşa muğamların qibləgahıymış.
Nə yurd yağmalana, nə ocaq sönə, Bizim dərdimizə ağlayır o tar. Bizi əslimizə qaytarır yenə, Bizi kökümüzə bağlayır o tar.
Könül, bu sevginin önündə əyil, Bu, ata sərvəti, oğul malıydı. Ramizin övladı başqa cür deyil, Elə Ramiz kimi doğulmalıydı.
Sən tara atasan, buna çox şükür, Eyyub davamçıdı, oğuldu, Ustad! Cilvələndi Araz, dalğalandı Kür, Tar o gün yenidən doğuldu, Ustad!
Bu görüş hər zaman düşəcək yada, O, bir xoş xatirə, o, bir an oldu. Minlərlə sevənin vardı dünyada, Biri də çoxaldı, Zəlimxan oldu.