Quzum
Dözəmmirəm təkliyinə, Mələmə, quzum, mələmə. Göy çəməni göz yaşına Bələmə, quzum, bələmə.
Nələr deyir, nələr, səsin, Dağı-daşı dələr səsin, Üstümə od ələr səsin, Ələmə, quzum, ələmə.
Yaşayırsan əsə-əsə, Diksinirsən qəfil səsə, Yalqızlığı heç bir kəsə Diləmə, quzum, diləmə.
Gözlərimə endirib çən, Saçlarıma yağdırıb dən, Ürəyimi qan eylərsən, Eyləmə, quzum, eyləmə!
1977, 18 mart