Qurtuluş dastanı
QURTULUŞ DASTANI
Dərya kimi çalxanır Bakı qanlar içində, Qasırğalar qaynaşır sərt tufanlar içində. Millət tanıya bilmir şəri, naxələfləri, Allah da aça bilmir dolaşan kələfləri. Allahı da çaşdırıb Allahsız olanların fəndi-feli, düyünü, Yatıran oğul gərək zamanın hay-küyünü. Dizi heydən üzülüb, Əli göydən üzülüb, Millət bilmir neyləsin, dərdin kimə söyləsin? Kimə tutsun üzünü, Kimə desin sözünü. Kimdən umsun haqqını? Kim yerbəyer eləsin Qocaman bir millətin haqqını, nahaqqını?! Hər daş altda bir fitil, hər dağ altda bir lağım, Məmləkət min yerindən dağılır dağım-dağım. Hərə bir yana dartır, hərə bir yana çəkir, Biri Talışa dartır, bir Muğana çəkir. Dağılır Nizaminin, Cavad xanın Gəncəsi, Qardaşı rüsvay edir qardaşın işgəncəsi. Azərbaycan can verir ölümcül bir can kimi, Yapışır boğazından xəyanətin pəncəsi. Qızışdırır başları vəzifənin havası, Gündə bir ev dağıdır kürsülərin davası. Gündə bir şəhər keçir erməninin əlinə, Nə uşağa hay çatır, nə qıza, nə gəlinə. Qarabağ bir tərəfdən hey alına-alına Dönür yağı malına. Dava gedir Bakıda, qızışır ehtiraslar, Qarışır bir-birinə intiqamlar, qisaslar.
Bakıda dava gedir, şan-şöhrətin davası, Rəsmilərin hay-küyü, rəsmiyyətin davası. Beş-on prezidenti var, beş-altı baş naziri, Balaca bir dövlətin... Di gəl, bircə başçısı başbiləni, başı yox Bu boyda məmləkətin. Döyüş gedir Bakıda – kor döyüşü, davası, Qızışdırır başları kürsü, stol havası. Qorxur vəzifəbazlar Bütün vəzifələrdən yüksəklərdə dayanan Bir kişinin adından. Uça bilməsin deyə Yapışmaq istəyirlər uçağın qanadından. Biri deyir gətirək, biri deyir gəlməsin, Biri deyir batıraq, heç səsi yüksəlməsin. Acı bağırsaq kimi, uzandıqca uzanır. Xalqın dərdə tuş günü Başbiləni yoxdursa, Sərkərdəsi yoxdursa, Yoxdu xalqın, millətin əsl Qurtuluş günü! Son hökmü zaman verir, Azərbaycan dövləti Tarixlər qarşısında ağır imtahan verir.
Onu çıxarmaq üçün bu ağır imtahandan, Gəlir, o qüdrət gəlir! Dözüm, qətiyyət gəlir! Adını eşidəndə millət qalxır ayağa, Gözə işıq, cana od, qəlbə cəsarət gəlir! Ruhunda bir zəlzələ, canında qeyrət gəlir! Ağır döyüşlər üçün sinəsi sipər olur, Sərhədlər qorumağa kirpiyi çəpər olur! Bu gəlişi hiss edib Daş da qalxır ayağa, dağ da qalxır ayağa, Qarışır bir-birinə iqtidar-müxalifət, Sol da yerindən durur, sağ da qalxır ayağa!
Şux yeriyir, şax durur, mərd dayanır, sərt baxır, O gəldiyi yollara neçə ümid boylanır, Neçə ağır dərd baxır. Bir qüdrətli əl gəlib, silib-süpürməsəydi bu qaragüruhları, Daşaltıda, Şuşada, Xocalıda, Laçında Şəhid olanlarımın kiriməzdi ruhları. Düşünəndə adamın biz-biz olur tükləri, Kəlbəcər yox, Göyçə yox, Qarabağ yox, Şuşa yox, Göyüm-göyüm göynəyir Ələsgərin, Vaqifin, Nəvvabın sümükləri?! Ey insan haqlarına dəm tutub, dəm verənlər, Dərdə salıb milləti, bu xalqa qəm verənlər, İnsan haqları deyib, bağıran təşkilatlar, Dünyanı həqiqətə çağıran təşkilatlar, Niyə qorumadınız bir millətin haqqını? Niyə bizə gələndə kar oldu bu dünyanın eşidən qulaqları? Budur insan haqları?! Gözlərimdən qan damır, əsəbiyəm, gərginəm, Öz evimin içində qaçqınam, didərginəm. Çadırlardı beşiyim, çadırlardı məzarım, Harda bina qurmuşam, hara düşüb güzarım? Qoca Şərqin köksündə qocaman bir ağacın Baltalanır gövdəsi, doğranır budaqları. Budur insan haqları?! Niyə mənim fəryadım Yandırmır yaxınları, göynətmir uzaqları, Budur insan haqları?! İndi gecəbəgündüz dolaşıb ayağına, Təpə ağıl öyrədir siyasətin dağına. Böyük-kiçik bilinmir, bilinmir böyük-kiçik, Kimdi böyük bilinmir, yerini bilmir kiçik. Siyasət dədəsinə durub ağıl öyrədir, Siyasət uşaqları, Budur insan haqları?!
Mənim millət haqqımı, Mənim dövlət haqqımı, Gəlir, qaytaran kişi! Dəmir, polad sinəsi Fırtınalar, tufanlar, cəbhələr yaran kişi! Quş qəfəsdən qurtulur! Can məhbəsdən qurtulur! Dövrün, zamanın canı Qaç, atım basdılardan, kəshakəsdən qurtulur! Yaraqlılar dəstəsi yarağını saxlayır, Kürəyə bıçaq vuran bıçağını saxlayır, Xainlərə tuş gələn xəyanətdən qurtulur! Ürəkləri göynədən bu qanlı səhnələrə Baxıb, xəcil olanlar xəcalətdən qurtulur! Kiməsə atmaq üçün ətəyə daş yığanlar Tökür ətəkdən daşı, ətək daşdan qurtulur, Ürəklər intizardan, gözlər yaşdan qurtulur! Ən uca kürsülərə gərir öz sinəsini, Yavaş-yavaş qaldırır öz xalqının səsini. Əli qalxır göylərə, yumruq yarır havanı, Silkələyir qəzəbi döşəməni, tavanı! Təklif nə qədər ağır, tələb nə qədər çətin, Tələb edir haqqını əzilən bir millətin. Qoy, səsi guruldasın bu gün altı qitədə, Odur məndən ötəri ATƏT də, BMT də! Gəlib, o kişi gəlib! Xalqın xeyrinə sarı çərxin gərdişi gəlib! Millətinə, xalqına birləş deyir, qalx deyir! Öz haqqına güvənir, haqq danışır, haqq deyir! Əlli milyona çatmış Azərbaycan dünyası “Qurtuluş nəğməsi”ni oxuyur bir himn kimi, Bir səslə, bir avazla “Heydər!” – deyir, “xalq!” – deyir. Ən böyük qurtuluşu millətə qaytarmağa, Birləş, ey qoca millət, ayağa dur, qalx! – deyir!!! 19, aprel