Əsas məzmuna keç

Heca şeiri

Qürbətdən vətən olmaz!

Zəlimxan Yaqub

1
Tehran cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ.

Gördüyüm hər gözəllik heyrətə salır məni, Min qat gözəl olsa da, heyrətdən Vətən olmaz. Saçına sığal çəkib, rəğbət bəsləsələr də, Ömrü beş-on gün olar, rəğbətdən Vətən olmaz.

Allah evi Məkkədə evimçün darıxmışam, Evdən-eşikdən ötrü ürəyimi sıxmışam. Həsrətin sınağından dağlar yarıb çıxmışam, Adında ayrılıq var, həsrətdən Vətən olmaz.

Çəkilən ağrı bilər sızıldayan iç nədir, Səfərə çıxan bilər yolda qalan köç nədir. Adın göylərə çıxsa, yadlar üçün heç nədir, Vətəndən şöhrət olar, şöhrətdən Vətən olmaz.

Çırpınar intizarda qəlbin, ruhun qısılar, Oğul-uşaqdan ötrü canın göydən asılar, Adına, taleyinə qərib möhrü basılar, Ancaq onda bilərsən qürbətdən Vətən olmaz.

Dünyanın çəkmədiyi ağrısı, azarı yox, Ağrı nə qədər çəkər, behi yox, bazarı yox. Qərib yerdə ölənin yatmağa məzarı yox, Zülümdən bir yurd-yuva, zillətdən Vətən olmaz.

Qəriblərin saçında qara bax, qırova bax, İnildəyən kamana, sızıldayan tara bax. Cəhənnəmə dönsə də, cənnətimdi Qarabağ, “Tehran cənnətə dönsə”, cənnətdən Vətən olmaz!!!

2003, 9 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.