Quranı səhv oxuma
Biz ona ilahidən verilən dərs demişik, Biz ona ilahidən süzülən səs demişik, Biz ona yaranışdan pak, müqəddəs demişik, Quranı səhv oxuma, Allaha ağır gedər.
Onun dərkinə varmaq ər oğlu ər işidir, Zərgərlik sənətidir, fikirlər zər işidir. O, Tanrı möcüzəsi, o, peyğəmbər işidir. Quranı səhv oxuma, Allaha ağır gedər.
Nə ucadı məqamı, nə şirindi əzabı, Tilsimlərin dilidi, sualların cavabı. Dürüst oxu, gözəl de, birə mindi savabı, Quranı səhv oxuma, Allaha ağır gedər.
İlqar-iman sahibi ocaq olar, kül olmaz, İmansız bir ürəkdə tikan bitər, gül olmaz. Allaha ağır gedən bəndəyə yüngül olmaz, Quranı səhv oxuma, Allaha ağır gedər.
Quran nə bütpərəstin, nə də ki, bir bütündü, Yoxdu onu yandıran, onu danan büt indi. Yerlə göy arasında dağılmaz bir sütundu, Quranı səhv oxuma, Allaha ağır gedər.
Dəryadakı damlada, səhradakı qumdadı, Torpaqdakı toxumda, tarladakı tumdadı. Gündüzlər xəyalımda, gecələr yuxumdadı, Quranı səhv oxuma, Allaha ağır gedər.
Üstündə haqqın əli, Yaradanın zəhmi var, Bir sözdə min aləmin düşüncəsi, fəhmi var. Demə ki, bağışlayar, o, rəhmandı, rəhmi var, Quranı səhv oxuma, Allaha ağır gedər.
Yeri ucadan uca, Yaşı uludan ulu, Hər nöqtəsi, vergülü ilahidən vurğulu. Övliya da, şeyx də, imam da onun qulu, Hər qəlbə o kitabdan yol gedər, cığır gedər, Quranı səhv oxuma, Allaha ağır gedər.
2000, 15 noyabr