Əsas məzmuna keç

Qoşma

Qulun oldum

Məxdumqulu Fəraqi

1

Yoxdan vara gətirdin, mən onda qulun oldum, «Ələstü bi rəbbiküm!» deyəndə qulun oldum, İradə diyarında adəmdə qulun oldum, Gər faniyu, gər baqi, hər yanda qulun oldum, Müşti-xakə can verdin, bir zində qulun oldum, Canı təndən ayırsan, bir mürdə qulun oldum, Hər həftə, hər saətdə, hər dəmdə qulun oldum, Hər ildəyü, hər ayda, hər gündə qulun oldum, Gər işrət ilə yürdüm, gər qəmdə qulun oldum, Xudaya, mən nə asi, şərməndə qulun oldum.

Bu diyari-fənada yoxdur mənim tək bədkar, Bütün sənə əyandır, nə hacət qılam izhar, Yaxşıdan iraq qalıb, yaman ilə oldum yar, Varmı günah dərdinə, ya rəb, mən tək giriftar, Bu cürm ilə gəlib mən dərgahinə, ya qaffar, Üzüm yoxdur deməyə halimi mən şərmisar, Sən olmasan nigahdar, kimdir mənə mədədkar, Sənin tək qaffarım var, cahanda nə qəmim var, Nə ürəyimdə aram, nə könlüm içrə qərar, Xudaya, mən nə asi, şərməndə qulun oldum.

Guya ki, bir sarvanam, karvan izin itirən, Uğrum, yönüm bilməyən, yol üstündə oturan, Ya rəb, məni olarmı bir mənzilə yetirən, Başım yolunda görsün bu işləri bitirən. Mən deyiləm xocama qulluq bərcay gətirən, Özü idi bəndəni oyadan və yatıran, Şinavərlik bilməzəm, dərin dərya batıran, Ya rəb, kəndir atanmı bir kənarda oturan, Yoxmuş mən tək cahanda ömrün qafil ötürən, Xudaya, mən nə asi, şərməndə qulun oldum.

Dünya qayğısı birlə oldu qara bağrım qan, Axirəti unutdum, gəzdim, yüyürdüm hər yan, Bir dərdə mübtəla mən, sinəmdə idi pünhan, Tapılarmı soruşsam, ya rəb, bu dərdə dərman,

Bilən dəvasın etdi, hər bəndeyi-müsəlman, Bildim, qılmaz əlacın, qırx il otursa Loğman, Dilim varmaz diləyə, könül yüz min pərişan, Lütf eyləgil, ya sübhan, həsrət ilə vardı can, Bütün müşkül işlərim sən özün eylə asan, Xudaya, mən nə asi, şərməndə qulun oldum.

Məxdumqulu, xətadan qeyri əldən iş gəlməz, Cumdum günah çeşminə, ürək durar, coş gəlməz, Xeyir iraq xəyaldan, şər könlümdən dış gəlməz, Məsti-dünya olmuşam, ağıl gedər, huş gəlməz, Qorxaram, ol dərgaha zarı qılsam, xoş gəlməz, Bağrım elə qaimdir, öhdəsindən daş gəlməz, Daşdan betər qatıyam, gözlərimdən yaş gəlməz, İcabət nişanına niyaz oxum tuş gəlməz, Xudaya, mən nə asi, şərməndə qulun oldum.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.