Əsas məzmuna keç

Deyişmə

Qozqara kötüyü ilə

Aşıq Ələsgər

1

Aşıq Ələsgər Arpadan, buğdadan çıxmışdı əlim, Zəhmət çəkdim, dedim bir az darı olsun. Yolmasın yolmaqdan qırıldı belim, Bundan gələn xeyir zəhrimar olsun!

Kötük Aşıq, nə meydanı yalqız alıbsan, Söz deyim, sözünə barabar olsun! Nahaq qandı, ortalığa salıbsan, Elə iş tut, ondan xeyir kar olsun!

Aşıq Ələsgər Bel ilə bu yeri əkdim bir ayda, Sulamaqdan su da qalmadı çayda, Biçdim, döydüm, darım oldu bir bayda, Qoy söyləyim, mahallarda car olsun!

Kötük Əfsanə sözləri danışma barı, Eşidənlər səni görərlər karı; Sən ora səpmişdin bir istil* darı, Ümidliydin ondan bir tağar** olsun?

Aşıq Ələsgər Hər kimə göstərdim, dedilər göydü, Eşidib bilənlər çox mənə söydü, Dən tutan yerini saxsağan döydü, Qarğaynan siçanın üzü qara olsun!

Kötük Eşidənlər qınamasın bizləri, Sən də sal bordağa kal, öküzləri, Qoş kotanı, çevirginən düzləri, Günlüyün*** birindən bir anbar olsun.

Aşıq Ələsgər Ələsgər, başına qəhətdi peşə?! Darı əkib yeməyibsən həmişə.

Sazı bas sinənə, təcnisdən döşə, Yığ urzunu, verən ellər var olsun!

Kötük Qara kötük deyər, tükənsin sözün, Bu ilki işlərdən nə qorxub gözün?! Bir qızındı, bir arvadın, bir özün, Üç adamla dünya sənə dar olsun!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.