Əsas məzmuna keç

Qoşma

Qoşalaşdırıb

Zəlimxan Yaqub

2

Yaradan heç nəyi tək yaratmayıb, Çəməni bulaqla qoşalaşdırıb. İlhamı şeirlə, ürəyi sözlə, Nəğməni dodaqla qoşalaşdırıb.

Yerləşmir otağa, sığışmır evə, Baxırsan, saçları qapqara şəvə. Babanın yanında darıxmır nəvə, Qocanı uşaqla qoşalaşdırıb.

Dünyanın hesabı yazılmalıymış, Sevinci, əzabı yazılmalıymış, Tarixin kitabı yazılmalıymış, Qələmi varaqla qoşalaşdırıb.

Həyata can verib qəlbin səsləri, Dünya unutmayıb duyan kəsləri. Ürəkdə yaşayan müqəddəsləri Alışan ocaqla qoşalaşdırıb.

Zəlimxan, yurdundu bu doğma diyar, Burda beşiyin də, məzarın da var. Təbiət özüdür böyük sənətkar, İnsanı torpaqla qoşalaşdırıb.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.