Qorxulu
Əlli yaşı bələnlərdən aşırdım, Altmışa gedən yolum qorxulu. Hansı əldən yapışacaq əllərim? Bir az əlim, bir az qolum qorxulu.
Canımızda min ağrı var, azar var, Neçə-neçə öz canından bezar var. Hara getsək, qarşımızda məzar var, Önüm, arxam, sağım, solum qorxulu.
Fəryadıma göydən ensin mələklər, Taleyimə ağı desin küləklər. Çeşmə kimi qaynamasa diləklər, Göz yaşıyla dolan gölüm qorxulu.
Nə getməyə həvəsi var insanın, Nə qalmağa nəfəsi var insanın. Qəbir adlı qəfəsi var insanın, Bir az həyat, bir az ölüm qorxulu.
2000, 27 mart