Əsas məzmuna keç

Heca şeiri

Qoruyun insanları

Zəlimxan Yaqub

1

Kəlməsindən bal damar dili ballar içində, Özü də müdrikləşər ağsaqqallar içində, Başı bəlalar çəkər qeylü qallar içində, Görməmiş gədələrdən qoruyun insanları!

Soyudar öz işindən sənətkarın əlini, Gethagedə döndərər xalqın gəlhagəlini, Qırar hər köntöy baxış bir sevginin belini, Qəfləti zədələrdən qoruyun insanları!

Çağırmayın məclisə hər nadanı, alçağı, Fitnələrin əlində üzülər ömrün tağı, Azmı görüb gözlülər şərbət içində ağı, Zəhərli badələrdən qoruyun insanları!

Yoxsa ədalət, divan, yaxşı, yaman çaş düşər, Duyanların gözündən qan süzülər, yaş düşər. Ömrünün sarayından kərpic enər, daş düşər, Amansız hədələrdən qoruyun insanları!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.