Əsas məzmuna keç

Heca şeiri

Qoruya bilmədim

Zəlimxan Yaqub

1
Şamil babamın xatirəsinə

Sən dağa çıxanda əriyərdi qar, Yaylaq sevincindən haya düşərdi. Daş çiçək bitirər, qaya gül açar, Nurundan hər yana saya düşərdi.

Çirmədin qolunu dirsəyə qədər, Gözləri tutulan bulaq görəndə. Göynətdi qəlbini acı bir kədər, Gövdəsi yaralı budaq görəndə.

Palıd da tanıdı bir bağban kimi, Önündə hörmətlə başını əydi. Duydu bu hikməti bir insan kimi, Bu ləzzət yüzillik dünyaya dəydi.

Ölümün qəlbimi vurdu qanatdı, Kədəri çiynimdən ata bilmədim. Könlüm görüşünə yaman can atdı, Heyif, sağlığına çata bilmədim.

Qayası qartallı məğrur dağ oldun, Şimşəkdən qoruya bilmədim səni. Budaqdan asılan son yarpaq oldun, Küləkdən qoruya bilmədim səni.

Baxsan duruşuma, görməzsən daha Bir zaman gördüyün şəvə saçları. Sən köçüb gedəli yaman oxşayır Baba saçlarına nəvə saçları.

Həyatda yadigar qoyub getdiyin, İzəm, nişanəyəm, ləpirəm, baba. Həmişə əlindən öpərdim sənin, İndi torpağından öpürəm, baba.

1975, 11 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.