Qoruya bilmədik məzarınızı
Qayanı yardılar, daşı çapdılar, Məqbərə ucaldıb, günbəz yapdılar. Sizin ruhunuzu sevən nəsillər, Sizin adınızla şöhrət tapdılar. Belinə daş qoyduq biz o şöhrətin, Qoruya bilmədik məzarınızı!
Könül adamları, ruh adamları, Ağrı adamları, ah adamları, Saflıqda dünyanın şeh adamları, Ulu məmləkətin şah adamları, Belimiz qırıldı şah damarından, Qoruya bilmədik məzarınızı!
Döyüşdə əsgərə dönə bilərdik, Torpaqda səngərə dönə bilərdik, Sıyırılmış xəncərə dönə bilərdik, “Allahu-əkbər”ə dönə bilərdik. Dünya bizdən ötrü məhşərə döndü, Qoruya bilmədik məzarınızı!
Yurdun işığını, nurunu satdıq, Odunu, közünü, qorunu satdıq, Satdıq, dədəmizin gorunu satdıq. Qaniçən yağının ixtiyarına, Qəbristan da verdik, qəbir də verdik. Utanmaz-utanmaz hələ bir durub, Millətə dözüm də, səbir də verdik. Hər şeyi qoruduq, ismətdən özgə, Hər şeyi qoruduq, qeyrətdən özgə, Qoruya bilmədik məzarınızı!
Yaxına gəlmədi uzaqlarımız, Çox yerdə kar oldu qulaqlarımız. Baltalar enəndə kökə, gövdəyə, Bilmədik quruyar budaqlarımız. Axarı qarışdı zir-zibillərə, Gözündən bulandı bulaqlarımız, Qurumaz bulaqlar, qaynar çeşmələr, Qoruya bilmədik məzarınızı!
Dağıldı, töküldü torpağın üstü, Hər yanı dumandı, hər yanı tüstü. Könül bulandıran bu mənzərədən, Dünyanın müqəddəs ruhları küsdü. Vaqifi qaldırıb Cıdır düzündə, Şeir köhləninə mindirən olsa, Qəmli Natəvanı tutub söhbətə Ruh verib, dil verib dindirən olsa, Eşitmək ağırdı ah-zarınızı, Qoruya bilmədik məzarınızı!
Göyçə göyüm-göyüm göynədi getdi, Ağdamda ağ gündən əsər qalmadı. Gəldi Kəlbəcərin qara günləri, Şuşada bir tutar, kəsər qalmadı. “Vaqif! Ey sərvərim, ey tacidarım!” Başdan Şuşa adlı tacı vermişik! Şuşanı verməklə düşmən cənginə, Məkkəni vermişik, Hacı vermişik! Yaxşının məzarı yad tapdağında, Biz Sarı Aşığa acı vermişik!
Eheeey! Hayandasan, Xan qızı, söylə, Eheeey! Hayandasan, Ələsgər dədə, Eheeey! Hayandasan, gəl, Dədə Şəmşir, Haraya uçdunuz əllərimizdən? Hayana saldınız güzarınızı? Qoruya bilmədik məzarınızı!!!