QOÇU
Əski qoçu, bir namidə vardım, yenə varam, Hər vaxt, hər əyyamidə vardım, yenə varam.
Keçmişdə işim xalqa əziyyət eləməkdi, Zülmü sitəm etməkdi və ya sillə kötəkdi, Bu işlərimə bəzi böyüklər də köməkdi. Hər böylə bir əncamidə vardım, yenə varam, Hər vaxt, hər əyyamidə vardım, yenə varam.
Titrərdi xəlayiq, hamı qorxumdan əsərdi, Hökmümə itaət eləməkçin tələsərdi, Keyfim də nə sevsəydi haman dəm müyəssərdi, Yəni ki, qılıncım dəmi həm dalı kəsərdi, Zülmü, sitəmü tamidə vardım, yenə varam, Hər vaxt, hər əyyamidə vardım, yenə varam. Dəsgiri-əsiri-sitəmimdi füqəralər, Yəğmayə verirdi sitəmim çox da səralər, Mane olamazdı mənə ağlar, nə qəralər, Hər fitnə, fəsadımda şərikim üməralər, Bu fel, bu iqdamidə vardım, yenə varam, Hər vaxt, hər əyyamidə vardım, yenə varam.
Xunxar qoçuydum da, qumarbaz, beçəbazdım, Xalqı söyübən didməyə, incitməyə sazdım, Əsla nə rəiyyət, nə hökumət tanımazdım, Söz müxtəsəri, istədiyim yerdə tarazdım, Hər məqsədü, hər kamidə vardım, yenə varam, Hər vaxt, hər əyyamidə vardım, yenə varam.
Oğrubaşılar cümləsi xanəmdə, dərimdə, Etməzdi təxəllüf sözümə bir nəfərim də, Zülm eyləməyin sərhədi yoxdu qədərimdə, Getməz o həva indi də vardır bu sərimə, Əski qoçu bir namidə vardım, yenə varam, Hər vaxt, hər əyyamidə vardım, yenə varam.