Əsas məzmuna keç

Heca şeiri

Qocatəpə camesində

Zəlimxan Yaqub

1

Qocatəpə camesi... namaz cümə namazı, Tanrı ibadətində qırx min adam var, azı. İlk dəfə silkələndi qəlbim, ruhum, varlığım, Əyilmək, taleyimə mənim minnətdarlığım! Əyildim ucalığa qırx min adamla birgə, Ulu bir intizamla, dürüst nizamla birgə! Əyilməz türk övladı nə sultana, nə şaha, Əyilməz türk övladı nə zora, nə silaha! Əyilir bu gün ancaq, Ayağının altındakı müqəddəs bir torpağa, Başının üstündəki uca, qadir Allaha! Türk oğlu nə düşmənə, nə bir yada əyilər, Əyilsə, əqidəyə, etiqada əyilər! Türk oğlu dizə çökməz diz çöksə dağlar belə, Acı zəhərə dönsə, ən şirin çağlar belə! Diz çökür bu gün ancaq, Ən qədim bir millətin yenilməz inamına, Çatır burda ürəklər arzusuna, kamına. Dilimizə dad verir Quranın hər ayəsi, Haqqa tapınmaq olmuş insanlığın qayəsi! Bizi haqqa bağlayır göyə açılan əllər, Dumduru düşüncələr, tərtəmiz, saf əməllər! Dilimdə xeyir-dua şeirimi yaza-yaza, Çağırıram dünyanı haqq yolunda namaza, Çağırıram dünyanı Türk yolunda namaza!!!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.