Qocalıq – yorğunluq
Yaş ağırlıq gətirir, yaş fağırlıq gətirir. Lal durğunluq gətirir, küt yorğunluq gətirir. Göz baxmaqdan yorulur, əl tutmaqdan yorulur. Ürək duyduqlarını unutmaqdan yorulur. Allah bəndədən bezir, bəndə haqdan yorulur. Canda nə var əriyir, qanda nə var çürüyür – Dözümə, səbrə qədər. Yorulmaq yoldaşımız beşikdən qəbrə qədər. Ömür belə paylanır ağrılara, dincliyə. Ömür belə paylanır qocalığa, gəncliyə. Dünya belə dünyadı: Körpəninki ağlamaq, uşağınkı dəcəllik. Yorğunluğun gəldisə qocalığın yetişib. Qalan nə var ölümlük, qalan nə var əcəllik!
Trabzon, 2009, iyul