Qocalıq
Bir cansağlığını verməz dünyaya, Nə qızıl istəyər, nə zər, qocalıq. Torpağın önündə əyib belini, İtən cavanlığı gəzər qocalıq.
Susamaz bir daha şöhrətə, ada, Bir gün əskik olmaz canından qada. Keçən günlərini gətirib yada, Fikir dəryasında üzər qocalıq.
Ah çəkər başının tükləri sanı, Yersiz bir kəlmədən qaralar qanı. Hər zülmə, sitəmə öyrəşər canı, Təbiət neyləsə dözər qocalıq.
1973, 27 oktyabr