Qocalıbsan
“Mənmi, zəmanəmi” – demə, Koroğlu, Zəmanə qocalmaz, sən qocalıbsan. At Misri qılıncı, girmə meydana, Daha Çənlibeldən en, qocalıbsan.
Nigar xəyaldadı, xəstədi Cunun, Gəlmir qəhqəhəsi dağlar oğlunun. Qalıb urvalığın, qurtarıb unun, Hərlənir başında çən, qocalıbsan.
Daha çəkən olmaz nazı-qəmzəni, Əymədi yaltaqlıq, əydi qəm səni. Qıratla yola sal Keçəl Həmzəni, Üyüt dəyirmanda dən, qocalıbsan.
1972, 4 avqust