Əsas məzmuna keç

Qoşma

Qocaldır adamı yollar gözləmək

Zəlimxan Yaqub

1
“Get, Ay batandan sora gəl” Xalq mahnısından

Səninlə bütövəm, səninlə tamam, Sənsiz sevincimin yarısı yoxdu. Qocaldır adamı yollar gözləmək, Həsrətin Allahı, tanrısı yoxdu.

Baxışlar alovlu, kölgələr sərin, Ürəklər nəğməli, duyğular dərin. Vaxtında vüsala yetişənlərin, Rənginin alı var, sarısı yoxdu.

Kərəm yanğısına nə bənd, nə bərə, Acizdi önündə yoxuş, dağ, dərə. Sevənə açıqdı qapı, pəncərə, Sevginin hasarı, barısı yoxdu.

Yumşaldar şaxtanı, əridər qarı Xəlvəti görüşün pıçıltıları. Mən sənə çiçəyəm, sən mənə arı, Yazıq o gülə ki, arısı yoxdu.

Qaranlıq üstümə can atmamış gəl, Tikanlar qəlbimi qanatmamış gəl. Ay oğlan, bu evə Ay batmamış gəl, Bu evin imansız qarısı yoxdu.

2002, 18 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.