Qoca baxdım
Nə sevda tapıbsan, nəyə talıbsan, Hansı qəflətdəsən, gəl, qoca baxdım! Ya məndən küsübsən, ya qocalıbsan, Bu sınıq könlümü al, qoca baxdım!
Çəkilib pünhana sən, deyirsən, döz, Qiyamət odundan pisdi tənə söz, Gümüşüm tunc oldu, zərü zibam bez. Qəlp çıxır aldığım mal, qoca baxdım!
Özüm aşıq oldum, oğlum gülləçi, Bildim ki, qalacaq dövlətin üçü; Qırıldı mal-qoyun, qalmadı keçi, İndi də yıxılıb kal, qoca baxdım!
Mardan şirə çəkib, daşdan keçərdin, Dəryalardan ləlü gövhər seçərdin, Pərvazlanıb Qafdan Qafa uçardın, Keçən günü yada sal, qoca baxdım!
Təqdir üçün yaxşı deyil bu adət: Gah güldürür, gah da verir xəcalət, İyidlər at vermir, gözəllər xələt, Gəlmir tənbəkiynən bal, qoca baxdım!
Səksəni, doxsanı keçibdi yaşım, Gor deyə tərpənir balalı başım. Əzrayıl həmdəmim, məzar yoldaşım, Daha köç təblini çal, qoca baxdım!
Ələsgər kəsilib səbrü aramdan, Oxlayıbsan, qanlar axır yaramdan, Haqq ilə qıl sövda, əl çək haramdan, Halaldan mətləbin al, qoca baxdım!