Qoca babam belə dedi
1
Gedən ömrüm geri dönməz, Yaydan çıxan oxdu daha! Ağrılara inanmazdım, Ağrılarım haqdı daha!
Yox məlhəmi, yox əlacı, Dərd ağırdı, dərman acı. Qar eylədim qara saçı, Ümid yerim yoxdu daha!
Gözü yaşa tanıtmışam, Başı daşa tanıtmışam, Ömrü qışa tanıtmışam, Tanışlarım çoxdu daha.
Getdi, gəlməz uşaqlığım, O gəncliyim, o şaxlığım. Qocalığım – yumşaqlığım, Kövrəlmişəm, vaxtdı daha!
2
Tez ol deyir kimsə mənə, Tez olmağa nə qaldı ki... Dönüb şirin xatirəyə, Söz olmağa nə qaldı ki...
Belədir taleyin işi, Zamana təslim ol, kişi. Qoyduq arxada yetmişi, Yüz olmağa nə qaldı ki...
Dostu, yadı anan canım, Odda, gözdə yanan canım, Yavaş-yavaş donan canım, Buz olmağa nə qaldı ki...
Bir dərdi var hər qırışın, Adamı var hər qarışın. Qismətimiz beşcə arşın, Bez olmağa nə qaldı ki...
Zalım keçər, fağır keçər, Yüngül gələr, ağır keçər. Sinəm üstdən cığır keçər, İz olmağa nə qaldı ki...
Keçdin əcəlin çəminə, Dəyməz dünyanın qəminə. Dönüb yellərin yeminə, Toz olmağa nə qaldı ki...