Əsas məzmuna keç

Qoşma

Qızmalı oldum

Məxdumqulu Fəraqi

1

Eşq dəryası doldu, daşdı, qaynadı, Təzə xüruc edib qızmalı oldum. Könül taxtı dalğa üstə oynadı, Onda qəvvas olub üzməli oldum.

Yatırdım düş gördüm, diksindim, durdum, Eşq bir müşkül işdir, oxudım, gördüm, Şövqün şirin gördüm, bu yola girdim, İndi çarə yoxdur, dözməli oldum.

Yarın yeli əsdi, özü gizləndi, Ümid əlin gərdi, bunca gözləndi, Hicran qüvvətləndi, eşq ekizləndi, Ol mətbəxdə qaynar, qızmalı oldum.

Bu fikirdən, bu xəyaldan dış olub, Nəfsi-hava, kibr, kindən boş olub, Ol bazarda eşq talana tuş olub, Bəlli, candan ümid üzməli oldum.

Qana-qana içdim dostun zəhrini, Zəhrin şəfa sansam, salmaz mehrini, Bu gövdədə duran könül şəhrini Eşqə nökər olub pozmalı oldum.

Məxdumqulu, ol mənzilə, diyara, Girən bir də çıxa bilməz kənara, Ey yaranlar, varmı bu dərdə çarə, Alışıb, tutuşub gəzməli oldum.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.